This is “Spartan”! Yeni təyyarə ordumuza hansı üstünlükləri yaradacaq | TƏHLİL

      This is “Spartan”!    Yeni təyyarə ordumuza hansı üstünlükləri yaradacaq    | TƏHLİL
  28 İyun 2024    Oxunub:1224
Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin təhlükəsizliyini daim prioritet sahə olaraq diqqət mərkəzində saxlayır. Silahlı Qüvvələrimizin yaradılmasının 106-cı ildönümünü qeyd etdiyimiz gün Prezidentə “C-27J Spartan" təyyarəsi təqdim edildi. Təbii ki, bu tarix təsadüfi secilməyib. Ali Baş Komandan nəyi nə vaxt etməyi çox yaxşı bilir. Yeni və müasir təyyarələr Vətən Müharibəsində Qələbəmizin əldə olunmasında əhəmiyyətli rol oynayan Hərbi Hava Qüvvələrinə ən gözəl hədiyyə oldu.

Azərbaycanın Hərbi Hava Qüvvələrinə “C-27J” təyyarələrinin tədarükü üçün müqavilə bir il imzalanıb. İtaliyanın ABŞ ilə birgə istehsal etdiyi bu müasir təyyarə taktiki hərbi nəqliyyat sinfinə aiddir. LMATTS (Lockheed Martin Alenia Tactical Transport Systems) konsorsiumu tərəfindən "Alenia" G.222 təyyarəsinin bazasında hazırlanıb. İstehsalçısı bizə Bakıda keçirilən ənənəvi ADEX sərgilərindən yaxşı tanış olan İtaliyanın "Leonardo" şirkətidir. Bu təyyarələrdə Böyük Britaniyanın "Rolls-Royce AE-2100" mühərrikindən istifadə edilir.


Təyinatı

Mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadir olan “C-27J” təyyarələri şəxsi heyətin, xüsusi təyinatlı bölmələrin, yaralıların, hərbi yüklərin, artilleriya vasitələrinin, zirehli və zirehsiz vasitələrin sürətli daşınması üçün nəzərdə tutulur.

İlk uçuşu və sifariş portfeli

Təyyarənin ilk uçuşu 1999-cu ildə həyata keçirilib. 2008-ci ilin sonunda bu maşınların sifariş portfeli 100 ədəddən çox idi. Pentaqon həm yüngül C-23 "Sherpa" hərbi təyyarələrini əvəz etmək, həm də C-130 "Hercules" təyyarələrinin və CH-47 "Chinook" helikopterlərinin daşınma yükünü azaltmaq üçün 78 ədəd “C-27J” sifariş etmişdi. 2020-ci ildə isə təyyarənin növbədə gözləyən sifariş portfeli 87 ədəddən ibarət idi.

Mövzu sizə maraqlıdırsa, müəllifin əvvəlki yazısına da nəzər salın:
“Caesar”ın rəqibi: Azərbaycan “Yavuz” haubitsası ilə maraqlanır

Üstün cəhətləri

“C-27J” təyyarəsi yüksək manevr qabiliyyəti, dayanıqlığı və qısa, hazırlıqsız uçuş-enmə zolaqlarından havaya qalxıb-enmə qabiliyyəti ilə analoqlarından fərqlənir. Müasir naviqasiya, radioelektron, rabitə və kommunikasiya sistemləri ilə təchiz edilib. Bu xüsusiyyətlər “C-27J Spartan" təyyarəsini istər hərbi, istərsə də humanitar missiyalar üçün etibarlı və çoxmədsədli vasitəyə çevirir.


Xüsusiyyətləri

Ekipaj: 2 nəfər
Sərnişin tutumu: 60 nəfər
Yükgötürmə qabiliyyəti: 11.300 kq
Uzunluğu: 22.7 m
Qanadların eni: 28,7 m
Qanad sahəsi: 82 m2
Hündürlük: 9.64 m
Yük sahəsi: 3,33 x 2,60 m (eni və hündürlüyü)
Boş təyyarənin kütləsi: 17500 kq
Maksimal uçuş kütləsi: 32.500 kq

Uçuş xüsusiyyətləri

Kreyser sürəti: 583 km/saat
Maksimum sürəti: 602 km/saat
Minimum sürəti: 194 km/saat
Uçuş məsafəsi: 1852 km
Praktiki uçuş yüksəkliyi: 9144 m
Qalxma sürəti: 13 m/san

İstifadəçiləri

Azərbaycandan başqa bu təyyarələr ABŞ, Avstraliya, Bolqarıstan, Yunanıstan, Zambiya, İtaliya, Litva, Mərakeş, Meksika, Peru, Rumıniya, Slovakiya, Sloveniya, Türkmənistan və Çad hərbi hava qüvvələri tərəfindən istifadə olunur.

Mövzu sizə maraqlıdırsa, müəllifin bu yazısına da nəzər salın:
Türkün milli qalxanı | TƏHLİL

Hər şey bir məqsəd uğrunda!

Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrimiz üçün müasir silah-sursatın, avadanlığın, texnikanın alınması, yeni silahlı birləşmələrin yaradılması və inkişaf etdirilməsi, etibarlı hərbi infrastrukturun qurulması istiqamətində tərəddüd etmədən, heç bir məsrəfdən çəkinmədən bütün zəruri addımları atır. “C-27J” təyyarələrinin alınması da, Qarabağ və Zəngəzurda 4 hava limanının inşası da bu prosesin tərkib hissələridir.

Bu kontekstdə Azərbycan İtaliya ilə həm ikitərəfli, həm də NATO formatında yaxından əməkdaşlıq edir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahının nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq planı üzrə qərargah görüşlərinin keçirilməsi buna sübutdur.


İtaliya ilə hərbi əməkdaşlıq

İkitərəfli münasibətlər 2014-cü il iyulun 14-də Roma şəhərində qəbul edilmiş və 30 sentyabr 2014-cü ildə təsdiqlənmiş "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannaməyə uygun olaraq tənzimlənir.

20 iyun 2020-ci ildə müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanovun İtaliyaya səfər etməsi, həmin ölkənin müdafiə nazirliyinin rəhbər şəsxlərilə görüşündən bir həftə sonra İtaliyanın müdafiə naziri Quido Krosettonun, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin və "Leonardo" şirkətinin prezidenti Stefano Pontekorvonun Azərbaycana səfəri və onların “C-27J” təyyarəsini Azərbaycan Silahlı Qüvvələrinin Ail Baş Komandanı İlham Əliyevə təqdim etmələri iki strateji müttəfiq ölkə arasında hərbi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı hesab olunur.


Ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayan qarşılıqlı səfərlər gələcəkdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Aviasiya   Ordu  





Xəbər lenti